Azərbaycanda içməli suyun tariflərinə yenidən baxılması təklif edilir.
Bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda təşkil olunan brifinqdə deyib.
Onun sözlərinə görə, ölkədə içməli su maya dəyərindən aşağı qiymətə satılır.
"Qiymətin aşağı olması qurumun rentabelli işləməsinə mane olur və yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Tariflər dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan tariflərə uyğun olarsa, qurumun rentabelli işləməsi və işlərin həyata keçirilməsi mümkün olar".
E.Məmmədov bildirib ki, "Azərsu" tərəfindən tariflərə gələcəkdə yenidən baxılması üçün proqram hazırlanır, lakin qərar Tarif Şurası tərəfindən qəbul edilir.
**15:16
Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb.
Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda təşkil olunan brifinqdə deyib.
Onun sözlərinə görə, Mingəçevir Su Anbarına axan çayların suları azalıb: "Dövlət tənzimləyici işlərini görür, lakin vətəndaşlarımız da sudan qənaətlə istifadə etməlidirlər".
V. Kərimov vurğulayıb ki, son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir: "Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır".