Nəsimi rayonu ərazisində baş vermiş qətl hadisəsi ilə bağlı Orxan Zeynalov adlı şəxs şübhəli qismində saxlanılaraq istintaqa cəlb olunub.
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
Bu arada APA hadisə zamanı ölən və yaralanan şəxslərin – Cəsarət Vəliyevin və Camal Həsənovun Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları olduğu barədə məlumat yayıb.
**09:12
Martın 16-sı saat 03 radələrində 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.
Senzor.az Baş Prokurorluğa istinadən bildirir ki, ilkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə xüliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
**08:42
Martın 16-da saat 03 radələrində paytaxtın Nəsimi rayonunda 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin kəsici-deşici alətlə öldürülməsi və 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən Senzor.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib, onların saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.