Bu gün 40 nəfərin iştirakı ilə Şuşa şəhərinə ilk turizm məqsədli səfər təşkil olunub.
Bu barədə Dövlət Turizm Agentliyindən (DTA) bildirilib.
"İşğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil edilir. Turistlər artıq Bakıdan Füzuli hava limanına çatıblar və saat 15:00-da Cıdır düzündə olacaqları gözlənilir. Turlar iki günlük nəzərdə tutulduğu üçün səyahətçilər “Xarı Bülbül” hotelində gecələyəcəklər", - DTA-dan bildirilib.
Agentlikdən bildirilib ki, ilk turist səfərləri həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur.
2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa “Realnıy” Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.
Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.
Layihə “Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.