Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər nazirliyindən məlumat verilib.
Martın 25-də saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetirildiyi, azyaşlı oğlunun zirzəmiyə gətirilib stula bağlanılaraq bıçaqla hədələnib 200 000 manat verilməsinin tələb olunduğu və sonradan 20 000 manat müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.