Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin qidadan özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagirdi müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb.
Senzor.az bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Qeyd edək ki, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.
Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
**15:00
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə zəhərlənən şagirdlərin durumu açıqlanıb.
TƏBİB-dən Senzor.az-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.
Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib:
"6 nəfər (4-ü qız, 2-si oğlan) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".
**13:53
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Senzor.az-a verilən məlumata görə, aprelin 6-da məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.
Qeyd olunub ki, məktəb rəhbərliyi təcili-tibbi yardım çağırıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir".
Bildirilib ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.