“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə start verilən aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir və Mingəçevir su anbarlarından sintetik torların yığışdırılması həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Senzor.az-a bildirilib ki, aksiya zamanı sözügedən su hövzələrindən 685 metr uzunluğunda 10 ədəd sintetik tor götürülüb.
“Vətəndaşlarımızı “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyasında daha fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarına və teleqram qrupuna dəqiq koordinatları göstərilməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırırıq”, - məlumatda deyilir.