
Senzor.az bildirir ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, bu il İsmayıllı şəhərinin Babək küçəsində ideya və üslub baxımından fərqli abadlıq işlərinə start verilib. Şəhərin Heydər Əliyev Parkına aparan, uzunluğu 400 metrə yaxın olan küçəsindəki abadlıq işləri rayonun gənc rəssamlarının birgə ideyaları əsasında həyata keçirilib. Küçədə yerləşən həyətyanı sahələrin hasarları müəyyən hündürlüyə çatdırılıb, divar üzlükləri təmir olunub, hasar damlarına keramik rəngli dəmir örtük vurulub. Ümumi görünüşə rəng qatmaq üçün darvazalar əlvan rənglərlə boyanıb, divarların fasadında dekorativ pəncərələr, skamyalar və gül dibçəkləri yerləşdirilib. Yolboyu divarlar küçə rəssamlıq sənət nümunələri ilə bəzədilib. Xüsusi memarlıq görünüşünü özündə ehtiva edən abadlıq işləri həm rayon sakinlərinin, həm də İsmayıllıya gələn qonaqların marağına səbəb olub.
Qeyd edək ki, Azərbaycanda biosmart avtobus dayanacağı ilk dəfə İsmayıllıda ötən il quraşdırılıb. Onun əsas üstünlüyü pulsuz vayfayı, təhlükəsizlik kamerası, dezinfeksiya duşu, mini barı, enerji doldurma portu, USB girişinin olmasıdır. Dayanacaq Günəş enerjisi ilə işləyir və 8 oturacağı var. Bu il daha bir dayanacaq quraşdırılıb. Onu digərindən fərqləndirən cəhət sensor qapılarının və kondisionerinin olmasıdır.
Şəhərdə aparılan abadlıq-quruculuq işləri Heydər Əliyev Parkını da əhatə edib. Parkda attraksionlar, yeni trenajorlar quraşdırılıb. Bununla yanaşı, yenidənqurma işləri çərçivəsində parkda yeni bəzək gül kolları və ağaclar əkilib, oturacaqlar yenilənib, işıq sistemi dəyişdirilib. Bu il şəhərin bir neçə küçəsinin asfaltlanması başa çatdırılıb.
**
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya səfər çərçivəsində Lahıc qəsəbəsində olublar.
Dövlətimizin başçısı və birinci xanım qəsəbəni gəzib, sakinlərlə söhbət ediblər.

Qeyd edək ki, 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı müraciət etmişdilər. Birinci vitse-prezident məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi.

**
Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunda başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib.
**
Noyabrın 1-də İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olub.

**
Noyabrın 1-də İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binası da istifadəyə verilib.
Prezident və xanımı bu açılışda da iştirak ediblər.