Sabah saat 12:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr və noyabr aylarına olan biletlər satışa çıxarılacaq.
Senzor.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 24 yanvar 2022-ci ildə istifadəyə verilib. Bu günədək ümumilikdə 623 reys həyata keçirilib, 25 545 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.