Gəncədə quldurluq etməkdə və narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Senzor.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 3-cü Polis Bölməsinin, Cinayət Axtarışı İdarəsinin və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtraış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə şəhər sakini olan bir qadına kəsici alətlə üz nahiyəsindən xəsarət yetirərək onun ümumilikdə 637 manat dəyərində əmlakını quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa, Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının oktyabr ayınını 21-23 tarixlərində şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə çərçivəsində daha 74 nəfər saxlanılıb.
Saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə, o cümlədən digər yerlərə baxış keçirilən zaman müxtəlif çeşidli narkotik vasitələr, o cümlədən güclü təsiredici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb. Hər bir faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd olunub ki, saxlanılan şəxslərdən 12 nəfəri sükan arxasında narkotik vasitə qəbul edən şəxslərdir.