Azərbaycanda onlayn pul köçürmələri zamanı yaranan problem aradan qaldırılıb.
Senzor.az bildirir ki, bu barədə “Azərikard” məlumat yayıb.
Bildirilib ki, “Azərikard” prosessinq mərkəzinin sistemində baş verən bütün məhdudiyyətlər aradan qaldırılıb: “Bütün fəaliyyət tam olaraq bərpa edilib”.
**00:24
“Azəricard”a bağlı bankların kartları ilə aparılan əməliyyatlarda ciddi problem yaranıb - NƏ BAŞ VERİR?

Xəbər verdiyimiz kimi, “Azəricard” prosessinq mərkəzinə bağlı olan bankların kartları ilə aparılan əməliyyatlarda ciddi problem yaranıb.
Senzor.az bildirir ki, məsələyə Azərbaycan İnternet Forumunun prezidenti, İT sahəsi üzrə aparıcı ekspert Osman Gündüz də münasibət bildirib.
Facebook-da paylaşdığı qeydində o da təsdiq edib ki, artıq bir neçə saatdır “Azəricard” prosessinq mərkəzinə bağlı olan bankların kartları ilə aparılan əməliyyatlarda ciddi problem yaranıb. Bu bankların kartları vasitəsilə, həmçinin bu banklara bağlı olan digər vasitələrlə ödənişləri reallaşdırmaq indiyədək mümkün olmayıb: “Xatırladıram ki, “Azəricard” ölkənin ən böyük prosessinq mərkəzidir, 16 banka xidmət edir.
Bildiyim qədər “Azəricard” datanı saxlamaq üçün əsasən HPE avadanlıqlarından istifadə edirdi.
Maraqlıdır ki, HPE-nin ölkəmizdə nümayəndəliyi bağlanandan sonra support məsələsində bir neçə dəfə problemlər olub.
Bu qədər zaman kəsiyində backup-dan da istifadə edilməməsi də düşündürücüdür.
Düşünmək olar ki “Azəricard”ın uzun müddət sistemi bərpa edə bilməməsi backup-ın problemli olması, yaxud da keyfiyyətli texniki dəstəyin əlçatan olmaması ilə bağlı olub.
Yeri gəlmişkən, DTX və XRİTDX-nin zaman-zaman səsləndirdikləri "kritik informasiya infrastrukturu", "kritik qurumlar" məsələsi məhz bu baş verənlərdi.
Yəni, “Azəricard”da baş verənlər minlərlə istifadəçilər, şirkətlər və dövlət qurumları üçün ciddi problemlər yaradıb.
Maraqlıdır, görəsən “Azəricard” kritik informasiya infrastrukturu siyahısına daxil edilibmi ?
Hansı ki, bu siyahı DTX və XRİTDX -in təklifləri əsasında hökumət tərəfindən xeyli müddət öncə təsdiqlənməliydi.
Hələlik isə təəssüf ki, belə bir təsdiqlənmiş siyahı yoxdur.
“Azəricard” baş verənlərlə bağlı üzrxahlığını biıdirib və problemin aradan qaldırılması istiqamətində tədbirlər görüldüyünü açıqlayıb.
Ümid edirəm data itkisinə yol vermədən sistemi bərpa edə biləcəklər”.
**22:57 (06.01.2024)
Bir neçə saatdır bəzi banklara məxsus kart əməliyyatlarında problem yaranıb. Müştərilər bildirirlər ki, kartlar işləmir, heç bir əməliyyat həyata keçirmək mümkün deyil.
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı “Azərikard” açıqlama yayıb, Biıdirilib ki, “Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS-terminallarından və mobil tətbiqlərindən istifadə zamanı məhdudiyyətlər yaranıb: "Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və problem tezliklə həll olunacaq".