Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb.
Bu barədə “Report”a Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov məlumat verib.
Onun sözlərinə görə, yağış rayonda bir sıra fəsadlar törədib.
Rayon mərkəzi də daxil olmaqla, Qızılburun, Atbulaq, Qubalı-Baloğlan, Pisaat, Nəvahi kəndləri ciddi zərər çəkib.
Hacıqabulun mərkəzində elektrik verilişi dayandırılıb.
Hazırda təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün FHN-in Muğan Regional Mərkəzinin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Həyətlərdən suların çəkilməsi istiqamətində lazımi tədbirlər görülür.
Senzor.az xatırladır ki, "Azərbaycan Dəmir Yolları" QSC regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti və yağan leysan xarakterli güclü yağışlar səbəbindən Hacıqabul stansiyası ərazisində dəmiryol xətlərindən sel keçməsi ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.