Bu gün səhər saatlarında dünyasını dəyişən Xalq artisti Şahlar Quliyev dəfn olunub.
Senzor.az bildirir ki, Təzə Pir məscidində keçirilən vida mərasimindən sonra mərhumun nəşi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Vida və dəfn mərasimlərində mərhumun yaxınları, sənət yoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
**10:57
Azərbaycanın Xalq artisti Şahlar Quliyev vəfat edib.
Senzor.az bildirir ki, bu barədə KİV-ə onun yaxınları məlumat veriblər.
O, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ş.Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İlk təhsilini elə orada alıb. 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra Şahlar Quliyev indiki Bakı Musiqi Akademiyasına daxil olub. 1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o, burada 2 il Şövkət Məmmədova adına Opera studiyasında, 1975-ci ildən başlayaraq isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb.
O, “Leyli və Məcnun”da Nofəl, “Şah İsmayıl”da Aslan şah, “Aşıq Qərib”də Şahvələd, “Sevil”də Atakişi, “Arşın mal alan”da Süleyman, “Koroğlu”da Həsən xan, “Aida”da Amonasro, “Karmen”də Eskamilio, “Payatsı”da Tonio, “Bohema”da Şonar rollarını canlandırıb. Bundan əlavə, o, 2000-ci ildə çəkilən “Qız qalası” və 2007-ci ildə lentə alınan “Bəylik dərsi” filmlərində rol alıb. 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Allah rəhmət eləsin!