Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına (AZAL) məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Senzor.az xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Matəmlə əlaqədar Azərbaycanın bütün məscidlərində həlak olanların xatirəsi anılacaq, onların ruhları üçün dualar oxunacaq.
Eyni zamanda, matəm günü ilə əlaqədar televiziyaların proqramlarında dəyişiklik olacaq. Təhsil müəssisələrində isə tədris ənənəvi qaydada davam edəcək.
Qeyd edək ki, dekabrın 25-i səhər saatlarında "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.
Təyyarənin ekipaj üzvlərindən hər iki pilot həlak olub, digər 3 nəfər sağ qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə Dövlət komissiyası yaradılıb. Prezidentin tapşırığına uyğun olaraq, faciəvi qəza ilə əlaqədar, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır.
Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib.
**15:30 (25.12.2024)
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Senzor.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə qeyd olunub ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilsin.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub.
Son məlumata görə, onlardan 29 nəfər sağdır.