Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksinin tikintisinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hazırlıq işlərini yekunlaşdırıb.
Nazirlik sözügedən işlərin icrasını “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksinin tikintisi Nazirliyə 25,8 milyon manata başa gələcək.
Qeyd edək ki, sözügedən kompleksin tikintisinin icrası həvalə olunan “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.