Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edənlərin soyuq silahdan istifadə etdiyi bəlli olub.
Bu bardə Oxu.az-a açıqlamasında Fuad Zeynalov özü məlumat verib.
"Mənə hücum edən şəxslərin hər birinin əlində beşbarmaq olub. Avtomobilimi də əziblər. Vurulan yerlər yumruq yeri deyil. Dəyən hər zərbənin yerində kəsik xəsarətləri var. Bu gün keçiriləcək iclasda qəbul ediləcək qərar mənə qətiyyən maraqlı deyil. Həmin şəxs daha öncədən işdən kənarlaşdırılmalı idi. Bu hadisələr baş verdikdən sonra yox. Artıq qəbul ediləcək qərar bəllidir ki, o, federasiyadakı bütün vəzifələrindən uzaqlaşdırılacaq. Bu cür harınlamış insanların federasiyada qalması doğru deyil. Baş verən hadisənin isə mənim işimə heç bir aidiyyəti yoxdur. Mən öz işimə qaldığım yerdən davam edirəm", - deyə F.Zeynalov bildirib.
Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.
Yeri gəlmişkən, F.Zeynalov dünən “Qafqazinfo”ya verdiyi açıqlamada bildirmişdi ki, Ramal Aslanovla aralarında uzun müddət soyuq münasibətlər olub: “Onunla aramızda gərginlik noyabrda Yunanıstanda keçirilən Avropa çempionatında olmuşdu. Bakıya qayıtdıqdan sonra həmin ay 2 dəfə Ramal Aslanov öz dəstəsi ilə mənim evimə hücum çəkib... Bundan əvvəl başqa adamlarla birlikdə üzərimizə hücum çəkmişdi. Amma sonra federasiya rəhbərliyi ilə birgə görüşümüzdə razılaşdıq ki, gərginliyi aradan qaldıracağıq. Amma görünür ki, o, sözündə durmadı...”.
F.Zeynalov son hadisənin təfərrüatlarını da açıqlamışdı: “Təxminən saat 01:00 olardı. Xətaidə yerləşən “Yaban” restoranından çıxıb maşınıma tərəf gedirdim. Birdən üstümə 4-5 nəfər hücum çəkdi. Özümü müdafiə etməyə çalışdım. Elə sürətli şəkildə oldu ki, hücum edənlərin kimliyini bilmədim. Ancaq hadisə kameraya düşüb. Polis onları müəyyənləşdirib saxlaya bildi. Özüm xəsarət aldım və başıma tikiş qoyuldu. Mənə hücum edən şəxslərdən yalnız Elnur Həmidovu tanıyıram. Qalanların isə tanımıram. Kamerada da görünür ki, o, adını çəkdiyim restoranın qarşısında uzun müddət gözləyib. Daha sonra mən ordan çıxanda üzərimə hücum çəkiblər. İndi onlar polis tərəfindən saxlanılıb və sabah (bu gün-red.) məhkəməyə çıxarılacaqlar”.