Nəriman Rayon İcra Hakimiyyəti məşhur "Şuşa" restoranının sökülməsi barədə xəbərlərə aydınlıq gətirib.
Qurumdan bildirilib ki, "Şuşa" restoranının ərazisi park statusuna malik olmasına baxmayaraq, illər öncə özəlləşdirilib və qeyri-qanuni olaraq sənədlər əldə edilib.
Açıqlamada bildirilir ki, sahibkara alternativ ərazidə iaşə obyekti təklif olunsa da, o, bundan imtina edib.
İcra Hakimiyyətinin məlumatında deyilir ki, parkda yerləşən ağaclara aqrotexniki qulluq göstərilməməsi və nəticədə onların quruması, parkın ərazisində yanğın təhlükəsi yaradacaq fəaliyyətlərin göstərilməsi, nəzarətsiz tonqal qalanması və ətraf ərazilərin bərbad vəziyyətdə olması isə ətrafda yaşayan sakinlərin haqlı narazılığına gətirib çıxarırıb: "Bütün bunları nəzərə alaraq, sözügedən restoran binasının sökülməsi və park ərazisinin abadlaşdırılması qərara alınıb”.
Qurum "Report"a açıqlamasında qeyd edib ki, hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır, sahibkarın mülkiyyət hüququnun pozulması halı təsdiq olunarsa, qarşı tərəfə qanunamüvafiq kompensasiya ödəniləcək.