
Avqustun 19-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub, cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, ümumilikdə axtarışda olan 114 nəfər saxlanılıb, onlardan 92-si borclu şəxs qismində axtarılanlar olub. Bundan başqa, dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,6 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında keçirilən tədbirlər zamanı 9 tüfəng aşkar olunaraq götürülüb.