
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu yollarda hərəkət intensivliyinin artması, eyni zamanda bəzi ərazilərdə müşahidə olunan yağışlı və küləkli hava ilə bağlı sürücüləri daha diqqətli və məsuliyyətli olmağa çağırıb.
Senzor.az bildirir ki, bu barədə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, İdarə hərəkət iştirakçılarına hava və yol şəraitini düzgün qiymətləndirməyi, sürət həddini mövcud şəraitə uyğun seçməyi, ara məsafəsini artırmağı, kəskin manevr və ani tormozlamadan çəkinməyi tövsiyə edib: "Xüsusilə yağış zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması nəzərə alınmalı, küləkli havada isə nəqliyyat vasitəsinin idarəetmədən çıxma ehtimalına qarşı ehtiyatlı davranılmalıdır.
Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin vəziyyətinə diqqət yetirilməsi vacibdir.
Həftəsonunu xoş və təhlükəsiz keçirmək üçün hər kəsi yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə həssas yanaşmağa çağırırıq".