
Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.
Senzor.az bildirir ki, bu barədə aktrisanın ailəsi məlumat yayıb.
Xatırladaq ki, Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakıda anadan olub. 1958–1962-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, 1969-cu ildə isə rejissorluq fakültələrini bitirib. 1962–1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim və dosent kimi fəaliyyət göstərib.
Uzun illər ərzində Azərbaycan kino sənətində özünəməxsus yaradıcılıq dəst-xəti ilə seçilən aktrisa bir sıra ekran əsərlərində yaddaqalan obrazlar qalereyası yaradıb. Onun xüsusilə “Səhər”, “Qəm pəncərəsi”, “Təhminə”, “Fəryad” və digər filmlərdə yüksək sənətkarlıqla canlandırdığı obrazlar tamaşaçıların yaddaşında dərin iz qoyub.
Sənətkarın radio və televiziya tamaşalarında oynadığı rollar da böyük maraqla qarşılanıb.
Aktrisanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, 2000-ci ildə “Əməkdar artist”, 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Onu da qeyd edək ki, mərhumla vida mərasimi sabah saat 11:00-da Təzəpir məscidində olacaq.
Allah rəhmət eləsin!