Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
Senzor.az DİN-in Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, keçirilən əməliyyat zamanı rayonun Gərəkli kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Elşad Mustafayev idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən saxlanılıb. Polis Şöbəsində şəxsi axtarış zamanı ondan bükümlərdə 7 qram, avtomobilə baxış keçirilən zaman isə 144 qram narkotik vasitə olan heroin aşkarlanıb.
Araşdırma zamanı E.Mustafayevin həmin narkotik vasitəni satış məqsədilə üzərində və avtomobilində daşıdığı məlum olub.
Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Mahamalar kənd sakini İlkin Paraşov saxlanılıb. Ondan da heroin aşkar olunaraq götürülüb.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib və faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.