ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “Azərbaycanlılar İranda repressiyaya məruz qalan azərbaycanlı azlığını qoruyacaqlarına and içiblər” sərlövhəli məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə İran cəmiyyətində mühüm rol oynamalarına rəğmən, molla rejimi tərəfindən yasaqlanması səbəbindən ana dilində yazıb-oxumaq imkanları olmayan soydaşlarımızın Azərbaycan dilinə qarşı həyata keçirilən repressiya siyasətinə etiraz etdiyi qeyd edilib.
Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatına (TMXT) istinadən “bütün ölkədə bir dənə də olsun, Azərbaycan dilində məktəb, universitet, institut, hətta dil kursu belə yoxdur. Azərbaycanca danışan vətəndaş ailəsi və dostları ilə ana dilində ünsiyyətdə olur, lakin standart Azərbaycan dilində necə yazacağını bilmədiyi üçün yazıları farsca yazır, bu səbəbdən Azərbaycan dili tədricən sosial cəhətdən lazımsızlaşır. Nəticədə Azərbaycan dili rəsmi yazılarda faktiki olaraq qadağan olunub, yerli və ictimai dialektlər və jarqonlarla dolub-daşaraq fars lüksikonuna və cümlə quruluşuna tabe etdirilib”. TMXT iddia edir ki, “bir qrup görkəmli yazıçı, sadəcə olaraq, əsərlərinin Azərbaycan dilində nəşrinə və təbliğinə görə həbs edilib. Tanınmış blogger və hüquq müdafiəçisi Şahnaz Qulami Azərbaycan türkcəsində təhsil haqqı tələb etdiyi üçün tutulub. O, “İslam Respublikasının milli təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı hərəkət etmək”də ittiham olunub”.
Müəllif “İran Teli” xəbər agentliyinə istinadən bildirib ki, gənc tələbələrin Azərbaycan dilində videoçarxın çəkilişində iştirak etməsindən sonra ədliyyə orqanları Xoy şəhərindəki Azərbaycan rəqs məktəbini bağlayıb. Bu səbəbdən xeyli azərbaycanlı etiraz əlaməti olaraq küçələrə çıxıb. Məqalədə həmçinin qeyd olunub ki, Güney Azərbaycan 1945-ci ildə müstəqillik əldə edib, bir il sonra isə farsların ağır repressiyalarına məruz qalıb.
İsrailli politoloq məqaləni Prezident İlham Əliyevə istinadla yekunlaşdırıb: “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.