İsrail Mərkəzi Seçki Komissiyası Knessetə (parlamentə) noyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərin yekun nəticələrini açıqlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, keçmiş baş nazir Benyamin Netanyahunun “Likud” partiyası 120 yerlik parlamentdə 32 yer alaraq birinci yeri tutur.
Hazırkı Baş nazir Yair Lapidin partiyası ikinci yerdədir və 24 mandat alacaq. Sonrakı yerdə 14 mandatla İtamar Ben-Qvir və Bezalel Smortiçin bloku, ardınca 12 mandatla hazırkı müdafiə naziri Benni Qantsın bloku gəlir. Aviqdor Libermanın “İsrail Evimiz” partiyası altı mandata sahibdir.
Qeyd edək ki, Lapid müxalifət lideri Netanyahuya zəng edərək onu qələbəsi münasibətilə təbrik edib. Baş nazir əlavə edib ki, o, artıq öz aparatına qarşıdan gələn səlahiyyətlərin ötürülməsinə hazırlaşmağı tapşırıb.