İsrailin Baş naziri Yair Lapid bazar günü bildirib ki, onun rəhbərlik etdiyi Yeş Atid partiyası növbədənkənar parlament seçkilərində uduzduqdan sonra “heç bir halda” yeni hökumətə qoşulmayacaq, müxalifətə keçəcək və orada hakimiyyət uğrunda mübarizəni davam etdirəcək.
Məlumatı TASS yayıb.
“Yeni hökumətə daxil ola biləcəyimiz heç bir ssenari yoxdur. Biz dünyaya baxışımız və bizə səs verən insanların dəyərləri üçün müxalifət olaraq mübarizə aparacağıq. Bizə səs verənə qədər mübarizə aparacağıq”, - deyə o, 1995-ci ildə İsrailin Baş naziri olmuş İshaq Rabinin öldürülməsinin ildönümünə həsr olunmuş anım mərasimində çıxış edərkən vurğulayıb.
Hazırkı hökumət başçısı bəyan edib ki, seçkilərdən sonra İsrail cəmiyyəti “yenidən bölünüb, yenidən qəzəblənib və onun yenidən parçalanma təhlükəsi var”.
C.Lapidin sözlərinə görə, radikal qüvvələrin getdikcə daha çox səs topladığı son seçki tendensiyalarını nəzərə alsaq, İsrail öz tarixinin kritik nöqtəsinə yaxınlaşır: “Biz indiki məqamda ölkənin hara getdiyinə qərar verməliyik. Geri dönüş nöqtəsinə yaxınıq. Amma yenə də hər şey öz əlimizdədir, biz hələ də hər şeyi dəyişə bilərik. Reallıq demoqrafik və ya coğrafiyanın qaçılmaz nəticəsi deyil, etdiyimiz seçimlərin nəticəsidir”, - deyə siyasətçi bəyan edib.
Senzor.az xatırladır ki, İsrail Mərkəzi Seçki Komissiyasının Knessetə (parlament) son seçkilərlə bağlı rəsmi məlumatına görə, ölkənin keçmiş Baş naziri Benyamin Netanyahunun partiyası qalib gəlib.
Komissiyanın elan etdiyi nəticələrdən sonra Netanyahu koalisiya yarada bilər.
Ölkə üzrə ən böyük beş fraksiya isə aşağıdakı kimidir:
Benyamin Netanyahunun "Likud" partiyası - 32 deputat mandatı;
Yair Lapidin rəhbərliyi altında hakim "Yeş Atid" partiyası - 24 yer;
İfrat sağçı "Dini sionizm" bloku - 14 mandat;
Müdafiə naziri Benni Qantsın "Dövlət Düşərgəsi" bloku - 12 yer;
Ultra-pravoslav "Şas" partiyası - 11 deputat.
Qeyd edək ki, son 30 ildə solçu Meretz partiyası İsrail parlamentinə ilk dəfə mandat qazana bilməyib.