Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransada səfərdədir. O, 5-ci Paris Sülh Forumunda da iştirak edəcək. A.Mirzoyan səfər çərçivəsində, həmçinin fransalı həmkarı Katrin Kolonna və başqa rəsmilərlə görüşəcək.
Məlum olduğu kimi, Fransa Ermənistanın əsas havadarlarındandır. Bu dövlət uzun illər İrəvanı dəstəkləyib. Fransada çox güclü erməni diasporu var. Onlar uzun müddət Ermənistanın işğalına haqq qazandırıblar.
Fransa Minsk Qrupunun tərkibində 30 il vasitəçi kimi fəaliyyət göstərdiyi müddət ərzində heç bir nəticəyönümlü işlə məşğul olmayıb. Əksinə, konfliktin uzanmasına çalışıb. Həmçinin rəsmi Parisin İrəvanla münasibətləri də məlumdur. Bu mənada Ermənistan XİN başçısının Parisə səfərindən müsbət nəsə gözləməyə dəyməz.
Çox güman ki, nazirlər Cənubi Qafqazdakı durumu da müzakirə edəcəklər. "Bağlı qapılar arxasında" Mirzoyan həmkarından kömək istəyəcək. Və bunun üçün o, Azərbaycanla münasibətlərin son mərhələsi barədə saxta məlumatlar verə, bizi ittiham edə bilər. Yəqin, Kolonna buna inanmağı seçəcək.
Baş diplomatlar, çox güman, birgə mətbuat konfransı keçirəcəklər. Brifinqdə Mirzoyan adətinə sadiq olaraq Azərbaycanı ittiham etməyə çalışacaq. Fransa XİN başçısı isə, yəqin ki, vasitəçiliyini dilə gətirəcək, regiondakı sülh və sabitlikdə maraqlı olduğunu, bu ideala sadiqliyini ifadə edəcək.
Adətən Mirzoyanın xaricə, xüsusilə ona havadarlıq edən ölkələrə səfərlərindən sonra şərti dövlət sərhədində təxribatlar intensivləşir. Bu, təsadüfi deyil. Çünki hər səfərdən sonra İrəvan havadarlarının dəstəyini hiss edir, ürəklənir. Bu mənada budəfəki səfərdən sonra da Ermənistanın növbəti provokasiyalar törətməsi mümkündür. Bu isə Ermənistanın yox, onun havadarlarının maraqlarına uyğundur: məhz İrəvanın təxribatları nəticəsində bölgədə vəziyyət gərginləşir və üçüncü güclərin regiondakı mövcudluqları təmin olunur. Odur ki, Ermənistan reallıqları anlamalıdır. Başa düşməlidir ki, başqasının maşası olmaq onun üçün yaxşı nəsə vəd etmir. Əgər Ermənistan hərbi - siyasi hakimiyyəti bunu anlamasa, özünü daha çıxılmaz duruma salacaq.
Kənan Novruzov,
siyasi ekspert