Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabatdakı mənzil-qərargahında bu təşkilatın Baş katibi Salim bin Məhəmməd Əl-Malikə “Şuşa medalı”nı təqdim edib.
Senzor.az ICESCO-ya istinadən bildirir ki, Baş katib bu qiymətli mükafata görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi təşkilatın Azərbaycanda regional ofisinin açılması qərarından məmnunluğunu ifadə edib.
Sonra mədəniyyət naziri Anar Kərimovun başçılıq etdiyi nümayəndə heyəti ilə ICESCO-nun rəhbərliyi arasında əməkdaşlığın inkişafı, o cümlədən yeni birgə proqramların həyata keçirilməsi üzrə müzakirələr aparılıb. Salim Əl-Malik ötən ilin yanvarında Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin qəbulunda olmasını məmnunluqla xatırladıb, ölkəmizin bu təşkilatın müxtəlif sahələr, o cümlədən mədəniyyətlər arasında sülh və dialoqun genişlənməsi, gənclər siyasəti, mədəni irsin qorunması, yüksək texnologiyaların tətbiqi üzrə layihələrinə dəstəyini vurğulayıb.
Nazir A.Kərimov qeyd edib ki, Azərbaycan İslam dəyərləri kontekstində birlik və həmrəylik istiqamətində ICESCO-nun yeni strategiya və vizyonu çərçivəsində fəaliyyətini dəstəkləyir, təşkilatın mədəniyyətlərarası dialoqun, sülhün və tolerantlığın təşviqi üzrə proqramlarının həyata keçirilməsində fəal iştirak edir.
A.Kərimov diqqətə çatdırıb ki, ölkəmiz 2024-cü ildə Şuşa şəhərinin İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi üçün ICESCO-ya rəsmi müraciət edib. O əlavə edib ki, təşkilatın Bakıdakı regional ofisində tamamlama işləri gedir və gələn ilin əvvəlində fəaliyyətə başlayacaq.
Sonra Azərbaycan nümayəndə heyəti ICESCO-nun mənzil-qərargahında Məhəmməd Peyğəmbərin həyatına həsr olunmuş və İslam Sivilizasiyası muzeylərinin eksponatları ilə tanış olub.