Peru Prezidenti Pedro Kastilyo çərşənbə günü parlamentin buraxaraq ölkədə fövqəladə vəziyyət elan etmişdi.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, o bu barədə dövlət başçısı administrasiyasının “Facebook” səhifəsində yayımlanan xalqa müraciətində məlumat vermişdi.
“Ölkənin hər yerindən vətəndaşların şikayətləri ilə əlaqədar mühüm qərarlar qəbul edilib. Hüquqi demokratik dövlətin bərpası üçün fövqəladə hökumət yaradılsın və aşağıdakı tədbirlər görülsün: Konqres müvəqqəti olaraq buraxılsın, respublikada fövqəladə hökumət yaradılsın, ən geci 9 ay müddətində yeni konstitusiyanın hazırlanması üçün Konqresə yeni seçkilər keçirilsin. Həmçinin, bu gündən etibarən komendant saatı tətbiq edilir”, - deyə dövlət başçısı bəyan etmişdi.
Bundan əlavə, Kastilyo bütün vətəndaşların növbəti 72 saat ərzində qanunsuz silahlarını təhvil verməli olduqlarını açıqlamışdı. Siyasətçi ictimaiyyəti “ölkəni heç bir ayrı-seçkilik olmadan inkişaf yoluna yönəltməyə imkan verəcək” bu qərarları dəstəkləməyə çağırmışdı. O xatırlatmışdı ki, hakimiyyətə gələndən indiki parlament hökumətin irəli sürdüyü sosial-iqtisadi təşəbbüsləri ardıcıl olaraq rədd edərək, Nazirlər Kabinetinin işinə mane olub. Kastillo əlavə etmişdi ki, qərarı barədə Amerika Dövlətləri Təşkilatına məlumat verəcək. Amma...
Prezidentin bəyanatından sonra Peru parlamenti təcili toplaşaraq dövlət başçısına impiçment elan edib. Təklifi 101 deputat dəstəkləyib, 6 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb. Ölkə polisi və ordu da qanunverici orqanın tərəfini tutub.
Bir az əvvəl isə hüquq-mühafizə orqanlarının Peru prezidenti Pedro Kastilonu saxladığı barədə məlumat yayılıb. O, üsyanda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
O da qeyd olunub ki, birinci vitse-prezident Dina Boluartenin respublika prezidenti vəzifəsinin icrasına başlaması üçün andiçmə mərasimi keçirilib.