Rusiya Ədliyyə Nazirliyi “The Bell” nəşrini xarici agentlər siyahısına əlavə edib.
Mk.ru saytının məlumatına görə, onun bir sıra əməkdaşlarının adları reyestrdə ayrıca xarici agent kimi deyil, “iştirakçı” kimi qeyd olunub.
Reyestrə, həmçinin “Dojd” telekanalının jurnalisti Mixail Fişman, ictimai xadim Rostislav Morquzalov və filosof Ruben Apresyan da daxil ediliblər.
Rusiyanın “xarici agent” siyahısına daxil etdiyi şəxslər arasında azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov da var.
Qeyd edək ki, bundan əvvəl Moskva Şəhər Məhkəməsi Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı çıxarmışdı. R.Əsgərov nasizmi reabilitasiya etməkdə ittiham olunur. Belə ki, aprelin sonunda ona qarşı cinayət işi qaldırılıb. İstintaqın məlumatına görə, telejurnalist sosial şəbəkədə SSRİ marşalı Georgi Jukovun xatirəsini ləkələyən yalan məlumat yayıb.
Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi onu axtarışa vermişdi. Bununla bağlı açıqlama verən R.Əsgərov uzun müddət Rusiyada yaşamadığını və ekstradisiyadan qorxmadığını bildirib.