Avropa İttifaqı (Aİ) İslam Respublikasında insan haqlarının pozulması ilə əlaqədar İrana qarşı əlavə sanksiyalar tətbiq edib.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Aİ-yə üzv olan 27 ölkənin xarici işlər nazirləri yekdilliklə İranda insan hüquqlarının pozulmasında günahkar olanlara qarşı yeni cəza tədbirləri haqqında qərar qəbul ediblər. Söhbət təxminən 20 şəxs və bir təşkilatdan gedir. Rusiyanın Ukraynadakı müharibəsini dəstəklədiyinə görə İrana qarşı əlavə sanksiyalar da təsdiqlənib.
Bazar ertəsi Almaniyanın xarici işlər naziri Annalena Berbok İranda iğtişaşçıların edam edilməsini “insanları qorxutmaq cəhdi” adlandırıb və qeyd edib ki, növbəti sanksiyalar paketi məhz “bu ağlasığmaz cinayətlərə” görə cavabdeh olanlara qarşı yönəlib. XİN rəhbərinin sözlərinə görə, məhdudiyyətlər əsasən İslam İnqilabı Keşikçiləri Korpusu və “insanları qorxutmağa çalışanlar”a aiddir.
Senzor.az xatırladır ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin Avropa İttifaqı ərazisində fəaliyyət göstərən və yaşayan bir neçə fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, sanksiya siyahısına daxil edilənlər arasında "Radio Fərda" və "Radio Zamane" də yer alıblar.
Məlumatda həmçinin, Fransanın “Charlie Hebdo” jurnalına, iki alman şirkətinə, Fransanın keçmiş xarici işlər naziri Bernard Kuşner və Almaniya rəsmilərinin də daxil olduğu 10 nəfərə sanksiya tətbiq edildiyi açıqlanmışdı.
Qeyd edilmişdi ki, bu şəxslər və qurumlar “terrorçuluğu və terror qruplaşmalarını dəstəkləmək, terrorizmi və zorakılığı təşviq etmək və təhrik etmək, İran xalqına qarşı iğtişaşlara, zorakılığa, terror aktlarına və insan haqlarının pozulmasına səbəb olan nifrətin yayılmasında” roluna görə sanksiyaya məruz qalıblar.