“Beynəlxalq təşkilatların və bəzi Qərb dövlətlərinin əməli ilə sözü arasında ziddiyyət var”.
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Dünyası Konstitusiya Məhkəməsi Konfransının Açılış Konqresində çıxışı zamanı deyib.
"Suriyalı, iraqlı, əfqanıstanlı qaçqınlara qapı-divar olanlar PKK-ya, FETÖ-yə gələndə çox tolerant davranırlar. Məsələ öz təhlükəsizlikləri olanda daş üstündə daş, baş üstündə baş qoymayanlar bizə dil uzadırlar. Qanlı terror təşkilatlarını dəstəkləyənlər bizə insan həyatının müqəddəsliyindən nitq söyləyirlər. Müstəmləkəçi keçmişləri ilə üzləşmək istəməyənlər insan haqlarından danışırlar", - deyə Ərdoğan vurğulayıb.
O bildirib ki, Suriyadakı faciəvi durum bu ziddiyyətin nəticəsidir: “Müsəlmanlara qarşı kin və nifrət davam edir. Yunanıstanın köçkünlərə qarşı münasibəti artıq vəhşilik səviyyəsindədir. Qərb dövlətləri Yunanıstanın bu hərəkətlərinə göz yumur".
Türkiyə lideri deyib ki, dünyanın müxtəlif ölkələrində qanlı terror təşkilatlarına dəstək verməkdə bir şey görməyənlər insan haqları mövzusunda onlara mühazirə oxumağa çalışırlar: “Suriya, İraq və Afrika ölkələrindən gələn miqrantların yolunda “sədlər” yaradan strukturlar eyni zamanda PKK terrorçularına və Fətullah Gülənə (FETÖ) lütf göstərirlər”.
Prezident Ərdoğan FETÖ lideri Fətullah Gülənin cinayətləri ilə bağlı çoxsaylı dosyelərin olduğunu qeyd edib. Bununla belə, ABŞ – ın hüquq-mühafizə orqanları hələ də terrorçunun villasının qapısını döyməyiblər”.
Senzor.az