“Rusiya bir tərəfdən Azərbaycanla əməkdaşlıq edir, digər tərəfdən isə Ermənistanı özünə müttəfiq edib. Moskva açıq şəkildə iki cəbhədə oynayır. Hesab edirəm ki, qəribə mövqedir və digər geosiyasi oyunçularla mübarizə aparan Rusiya öz növbəsində bu iki dövləti bir-birinə qarşı qoyur”.
Bunları azvision.az -a qazaxıstanlı politoloq Dulatbek Kıdırbekulı deyib.
Onun sözlərinə görə, Rusiya hazırda Ukrayna ilə müharibədə ilişib qaldığından İran onun dəstəyi ilə bundan yararlanmaq qərarına gəlib. Ancaq Tehranın da öz daxili problemləri, ölkədə kütləvi etirazlar var.
“Çox güman ki, Türkiyənin yeni geosiyasi oyunçu kimi Cənubi Qafqaza girdiyini anlayan Rusiya İrandan Azərbaycanın işlərinə qarışmasını istəyib. Rusiya bir zamanlar onun tərkibində olan bölgədə türk dövlətinin dominant olmasını istəmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə yaxşı münasibətdə olmasına baxmayaraq, Rusiya bu ölkəyə qarşı öz oyunlarını oynayır.
Ümumiyyətlə hesab edirəm ki, Rusiya və İranın Cənubi Qafqazdakı mövqeyi səbatsızdır. Əgər Azərbaycan bu qarşıdurmada qalib gəlsə, hesab edin ki, gələcəkdə Rusiyanın Qafqaza güclü təsiri olmayacaq.
Onu da əlavə etmək istərdim ki, həm Rusiya, həm də İran dünyanın sanksiyaları altındadır və bu onların Qafqaza təsirini zəiflədir”, - qazaxıstanlı politoloq vurğulayıb.