Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündə onların, Qətərdə bu yaxınlarda başa çatan futbol üzrə dünya çempionatı (DÇ) ilə bağlı sualını da cavablandırıb.
Türkiyə lideri argentinalı Lionel Messi ilə portuqaliyalı futbolçu Kriştiano Ronaldunu müqayisə etməyin düzgün olmadığını vurğulayaraq, sonuncunun dünya çempionatında “siyasi qadağa”ya məruz qaldığını bildirib.
“Onlar Ronaldunu boş yerə xərclədilər. Təəssüf ki, ona siyasi qadağa qoydular. Ronaldu kimi futbolçunun matçın bitməsinə cəmi 30 dəqiqə qalmış meydançaya buraxılması onun psixologiyasını məhv etdi və bütün enerjisini əlindən aldı”, - deyə Ərdoğan bildirib.
Prezident onu da qeyd edib ki, Ronaldu fələstinlilərin ədalətli işini müdafiə edən bir insandır və onda olan məlumata görə, portuqliyalı ulduz Səudiyyə Ərəbistanının hansısa klubuna keçəcək.
Ərdoğan dünya çempionatının finalından sonra Fransa Prezidenti Makrona nə dediyini də açıqlayıb: “Makrona dedim ki, üzülmə. Argentina çox yaxşı oynadı”.
Xatırladaq ki, DÇ-nin finalında Argentina və Fransa milliləri qarşılaşmışdılar. Penaltilərdə Avropa təmsilçisi məğlub olmuşdu – 3:3 (4:3).