Ermənistan ordusunun generallarının Azərbaycanın işğal olunmuş ərazilərini fəlakət zonasına çevirməsindən mütəmadi bəhs edənlərdən biri də erməni bloger Roman Baqdarsaryandır.
Hələ bir neçə ay qabaq o, Qarabağ klanının təəssübkeşlərinə video müraciətində müdafiə etdikləri erməni generalların Qarabağ və Şərqi Zəngəzur torpaqlarını ekoloji fəlakət zonasına çevirdiklərini demişdi.
Onun sözlərindən belə çıxır ki, erməni generallar işğal dövründə meşələri kütləvi yox edib, əkin sahələrini narkoplantasiyalara çeviriblər.
Qarabağda erməni generalların narkotik maddələrin yetişdirilməsi və ticarəti ilə məşğul olması beynəlxalq hesabatlarda da yer alıb. Yəni bu, məlum məsələdir. Amma Baqdasaryanın bəhs etdiyi qanunsuz ağac ticarəti barədə hələ ki yazan yoxdur.
Söhbət Zəngilanın dünyada məşhur çinar meşələrindən gedir. Bu çinar növünü qorumaq üçün Zəngilan rayonu ərazisində 107 hektar sahədə Bəsitçay qoruğu da yaradılmışdı. İşğal dövründə erməni generallar məhz həmin qoruqdan ağacları kökündən çıxarıb satırmışlar.
Baqdasaryan bu barədə çoxdan danışır və bloqlarının birində həmin ağacların birinin 10 min dollara satıldığını yazmışdı. Bununla yanaşı, işğalçılar həm də mebel sənayesi üçün ağacları kütləvi qırıblar və 13 min hektardan çox meşə sahəsi məhv edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Real TV-yə müsahibəsində bildirib ki, işğal rejimi təbii sərvətləri bütün istiqamətlərdə talayaraq ekologiyaya böyük zərbə vurub.