Dekabrın 27-də Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Laçın dəhlizi mövzusunu ətraflı müzakirə ediblər.
Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O qeyd edib ki, Rusiya regiondakı gərginlikdən narahatdır və Ermənistanla Azərbaycan arasında nizamlanmaya kömək etməkdə davam edəcək.
"Rusiya Federasiyası vasitəçilik səylərini davam etdirir və davam etdirmək niyyətindədir, ilk növbədə, üçtərəfli əsasda əldə edilmiş razılaşmaları yerinə yetirir", - Kreml sözçüsü bildirib.
Peskov vurğulayıb ki, Rusiya həm Yerevanla, həm də Bakı ilə təmasda öz işini və səylərini davam etdirəcək.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.