Çərşənbə axşamı futbol üzrə üçqat dünya çempionu Pele ilə Santosda (Sao Paulo) “Vila Belmiro” stadionunda təxminən 250 min insanın iştirakı ilə vida mərasimi keçirilib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, mərasimin sonunda Pelenin cəsədi olan tabut alqış sədaları altında yanğınsöndürən maşının üzərinə qaldırılıb və Braziliya bayrağı ilə örtülüb.
Dəfn korteji hərbi polis motosikletçilərinin fəxri müşayiəti ilə Santos küçələrindən, o cümlədən onun 101 yaşlı anasının yaşadığı evin yanından keçib. Bundan sonra Pele dəfn olunmaq üçün özünün seçdiyi “Ekumenika” nekropolunun ərazisində, stadionun yaxınlığında yerləşən məqbərədə dəfn olunub.
Futbol əfsanəsi oradakı yerini əvvəlcədən alıbmış.
Qeyd edək ki, Pele dekabrın 29-da xərçəng xəstəliyindən dünyasını dəyişib. O, tarixdə yeganə üçqat dünya çempionudur. Beynəlxalq Futbol Federasiyası tərəfindən 20-ci əsrin ən yaxşı oyunçusu kimi tanınıb.