ABŞ Dövlət Departamentindən bildirilib ki, dövlət katibi Entoni Blinken yaxın günlərdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışacaq. Məlumata görə, Blinken həmçinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla da danışacaq. Müzakirələrin mövzusu açıqlanmayıb.
Bu günlərdə məlum oldu ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin səlahiyyət müddəti başa çatıb.
Çox güman, tərəflər telefon danışıqları zamanı bu məsələni də müzakirə edəcək, Ağ Evin regional siyasətinin perspektivi barədə fikir mübadiləsi aparacaqar. Blinken həmsöhbətlərini ABŞ-ın regionda sülh və təhlükəsizlik ideyasına sadiq qaldığına inandırmağa çalışacaq.
Bundan başqa, diplomatların telefon danışığında azərbaycanlı ekofəalların Xankəndidən keçən Şuşa- Laçın yolundakı etiraz aksiyaları da müzakirə olunacaq. Yəqin ki, Vaşinqton bu məsələ ilə bağlı narahatlığını bildirəcək.
Ümumiyyətlə, ABŞ etiraz aksiyalarından istifadə edərək regionda mövcudluğunun güclənməsinə çalışa bilər. Vaşinqtonun yeni “rıçak”lar əldə etməyə səy göstərəcəyi gözləniləndir. Heç bir halda buna imkan vermək olmaz.
Həmçinin Blinken Bayramov və Mirzoyanla sülh müqaviləsinə dair də fikir mübadiləsi apara bilər. Tərəflərin növbəti üçtərəfli görüş barədə razılığa gəlmələri də mümkündür. Hər halda bu, Ağ Evin marağındadır. Çünki vasitəçilik missiyasını qorumaq istəyir.
Ehtimal edilən telefon danışıqlarında xüsusi bir nəticənin əldə olunacağına inanmıram. Bu təmaslar daha çox ABŞ-ın özünə lazımdır. Azərbaycan isə platformalardan mümkün qədər imtina etməməli, yaranan fürsətlərdən öz xeyrinə istifadə etməyə çalışmalıdır.
Kənan Novruzov,
siyasi ekspert