Ermənistanın baş naziri Nikol Paşinyan dünən mətbuat konfransı keçirdi. O, bir gün əvvəl bildirmişdi ki, əvvəlcədən hazırlanmış suallar cavablandırılmayacaq və müzakirələr ancaq üzbəüz keçiriləcək.
Ermənistan Jurnalistlər Birliyi isə dünən hökumət başçısını tənqid etdi. Media nümayəndələri bildiriblər ki, hökumət başçısının ayrı-seçkiliyi onun demokrat olmadığının, mətbuat azadlığı prinsiplərinə zidd davranışının təzahürüdür.
Paşinyan siyasətə gəlməzdən əvvəl jurnalistika ilə məşğul olub. İndi onun bu cür addım atması ilk növbədə Paşinyanın bacarıqsızlığından xəbər verir. Görünür, o, bir jurnalist kimi medianın qlobal problemlərindən ya məlumatsızdır, ya da bilərəkdən həmin nöqsanları düzəltmək istəmir.
İkincisi, Paşinyan başqa vaxt ölkəsindəki demokratiyadan ağızdolusu danışır. Jurnalistlərin sözügedən etirazı göstərdi ki, Ermənistanda demokratiyadan, o cümlədən söz və mətbuat azadlığından əsər-əlamət yoxdur.
Üçüncüsü, dövlətin əsas sütunlarından biri olan mətbuat nümayəndələrinin xeyli hissəsinin dilə gəlməsi göstərir ki, onlar da mövcud hakimiyyətin siyasətindən razı deyillər.
Ən mühüm məqamlardan biri isə budur ki, Paşinyanın mətbuat konfransında jurnalistlərin iştirakı ilə bağlı məhdudiyyəti onun mediadan nələrsə gizlətdiyini göstərir. Görünür, hökumət başçısı sadəcə hakimiyyətə yaxın jurnalistlərin tədbirdə iştirak etməsinə şərait yaratmaqla əslində ictimaiyyətin yox, öz maraqlarının təmin olunmasına çalışıb.
Kənan Novruzov,
siyasi ekspert