Yanvarın 5-də aytaxtın Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində dörd nəfərin cəsədinin aşkarlanması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Senzor.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bildirir ki, aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyənləşdirilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.
Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyi hadisədən sonra KİV-ə açıqlamasında ölən şəxslərin dəm qazından boğulması ilə bağlı ehtimalların aşağı olduğunu bildirmişdi. Qurumun şöbə rəisi İlkin Behbudovun sözlərinə görə, “Azəriqaz” əməkdaşları həmin mənzildə ilkin araşdırma aparmış və smart tipli sayğaca baxış keçirilən zaman sayğacın bloklanmış şəkildə olduğunu, yəni qurğudan qaz keçmədiyini müəyyən etmişdilər.