ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, Rusiyanın döyüş qabiliyyəti xeyli aşağı düşüb. Bildirilib ki, Rusiya qüvvələri Ukraynada 200 minə yaxın itki verib.
Rusiyada səfərbərliyin ikinci dalğasının elan olunması məsələsi uzun müddətdir gündəmdədir. Müxtəlif mənbələr bunun yaxın vaxtlarda baş verəcəyini bildirirlər. Proseslərin inkişafı da göstərir ki, ölkədə növbəti səfərbərlik qaçılmazdır.
Məsələ ondadır ki, Rusiya ordusunda xaos var. Birincisi, səfərbər olunanlar ruh düşkünlüyü içindədirlər. Onların əksəriyyəti döyüşmək istəmir. Çünki başa düşürlər ki, özgə torpağı üçün ölürlər.
İkincisi, Rusiya ordusunda hərbi nizamsızlıq hökm sürür.
Üçüncüsü, Rusiya hərbi elitasında xaos və ikitərəlik var. Rusiyadakı ali hərbi komandanlıqla Rusiyanın Ukraynadakı komandanlığı arasında ziddiyətin olması istisna deyil. Həmçinin bir tərəfdən “Vaqner” muzdlu hərbi təşkilatının, digər tərəfdənsə “Axmat” batalyonunun və başqa qruplaşmaların fəaliyyəti nizami ordunun fəaliyyəti ilə üst-üstə düşməyə bilər. Bunların nəticəsini döyüş meydanında görürük. Belə ki, Rusiya ordusu artıq yeni ərazilər ələ keçirə bilmir. Əksinə, tutduğu ərazilərdən geri çəkilməli olur. Rusiya Silahlı Qüvvələrinin gün ərzində Ukraynada verdiyi 800-900 nəfərlik şəxsi heyət itkisə də, ordudakı xaosun növbəti təzahürüdür.
Əvvəllər də dediyimiz kimi, Rusiya hakimiyyəti döyüş meydanında üstünlüyü ələ almaq üçün tələsir. Yaxın həftələrdə ciddi strateji uğurlar əldə etmək Kreml üçün çox əhəmiyyətlidir. Amma bu, asanlıqla başa gəlməyəcək. Odur ki, yaxın günlərdə Rusiyada mühüm qərarların qəbul edilməsi, o cümlədən səfərbərliyin ikinci dalğasının elan edilməsi gözləniləndir.
Rusiyanın döyüş qabiliyyəti, yəqin ki, aşağı düşməkdə davam edəcək. Bu problemi həll etmək üçün kompleks tədbirlərə ehtiyac var. Və həmin tədbirlərə qısa vaxtda həyata keçirmək mümkün deyil.
Kənan Novruzov,
siyasi ekspert