Bir qrup ABŞ konqresmeni Prezident Co Bayden Administrasiyasından Kiyevə maliyyə və hərbi dəstəyi dayandırmağı tələb edən qətnamə təqdim edib.
Senzor.az bildirir ki, bu barədə sənəd layihəsinin müəlliflərindən biri - Respublikaçılar Partiyasından olan konqresmen Mett Goetzə istinadən Fox News telekanalı məlumat yayıb.
Sənədin təşəbbüskarı məhz Goetzdir. Ondan başqa “Ukraynadan yorğunluqla bağlı qətnamə”ni daha 10 konqresmen imzalayıb.
Xüsusilə, orada Ağ Evdən “Ukraynaya hərbi və maliyyə yardımı göstərməyi dayandırmaq” tələbi, eləcə də münaqişənin bütün tərəflərinə onun sülh yolu ilə nizamlanmasına yönələn müraciət yer alır.
Bundan əlavə, qətnamədə Pentaqon rəsmilərinin tədarükün Ştatların özünün arsenalının əhəmiyyətli dərəcədə tükənməsinə və ölkənin hərbi potensialının zəifləməsinə səbəb olduğunu iddia edən bəyanatlarına istinad edilir.
“Amerika idarə edilə bilən tənəzzül içindədir və vergi ödəyicilərinin pullarını xarici münaqişələrə xərcləməyə davam etsək, vəziyyət daha da pisləşəcək. Biz Ukraynaya bütün yardımları dayandırmalıyıq”, - deyə Goetz vurğulayıb.
Senzor.az