Türkiyədə zəlzələ bölgəsində xilasetmə işlərinə cəlb olunan hərbçilərdən 4 nəfər həlak olub, 54 nəfər isə yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.
O bildirib ki, zəlzələ bölgəsində 25 067 ordu mənsubu çalışır.
Nazirin sözlərinə görə, bölgəyə 63 təyyarə və 57 helikopter cəlb olunub, müvafiq olaraq 707 və 710 uçuş həyata keçirilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. Son məlumata əsasən, zəlzələ nəticəsində Türkiyədə 24 617 nəfər həyatını itirib.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.