“Rusiya bu müharibəni başladaraq bizi bölə biləcəyini, Ukraynanı işğal edərək öz ərazilərinə qata biləcəyini düşündü, lakin bunun tam əksini əldə etdi”.
Bunu Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken NTV-yə müsahibəsində deyib.
"Putin bu müharibəni başladaraq həm də öz ölkəsinə böyük zərər vurdu. 1000-dən çox böyük şirkət Rusiyanı tərk edib. Ölkənin iqtisadiyyatı pisləşir. Sanksiyalar səbəbindən bu ölkə özünün ən kritik sənayelərini modernizasiya edə bilməyəcək. Ən əsası bu ölkə indiyə qədər 200 minədək itki verib, bu isə 50 min – 60 min ölü və yüz mindən çox yaralı deməkdir. Bir milyona yaxın şəxs Rusiyanı tərk edib, bu insanlar müxtəlif sahələrdə çalışan qabiliyyətli insanlardır. Rusiya hökuməti əvvəl-axır ağlını başına toplamalıdır. Mənim Rusiya xalqına müraciət etmək imkanım olsa idi, onlardan bunu soruşardım: Baş verənlər sizə nə xeyir verdi?! Bu müharibə ilə Rusiyanın da gələcəyi məhv oldu.
Biz Ukraynanın ərazi bütövlüyünü bərpa etməsi, müstəqil və suveren ölkə kimi mövcudluğunu gücləndirməsi üçün dəstəyimizi davam etdirəcəyik, Rusiyaya təzyiq göstərməyə davam edəcəyik və eyni zamanda, Alyans daxilində təhlükəsizliyimizi gücləndirəcəyik, çünki Rusiyanın nə edəcəyi bəlli olmaz", - Blinken qeyd edib.
**18:02
“Prezident Cozef Bayden Türkiyəyə F-16-ların satılmasını dəstəkləyir”.
Bunu ABŞ dövlət katibi Entoni Blinken NTV-yə müsahibəsində deyib.
O bildirib ki, müraciətin konqresə nə zaman təqdim olunacağı hələ ki məlum deyil: “Amma bunun Türkiyədəki seçkilər, həmçinin Isveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə heç bir əlaqəsi yoxdur".
Blinken söyləyib ki, ABŞ Konqresinin bəzi üzvləri bu məsələ ilə bağlı narahatdır: "Biz Konqresin razılığını almaq üçün əlimizdən gələni edəcəyik".(“Report”)