Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan sosial media hesabından Hatayın Defne və Samandağ rayonlarında baş verən yeni zəlzələlərlə bağlı paylaşım edib.
Senzor.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, paylaşımda deyilir:
“Hatayda baş verən və ağrılarımız təzə ikən ətraf şəhərlərimizdə də hiss olunan zəlzələ xəbərinə dərindən kədərləndim. Zərərçəkmiş bütün vətəndaşlarımıza ən xoş arzularımı çatdırıram. İnşallah, can itkisi olmaz və yaralı vətəndaşlarımızın tezliklə şəfa tapmasını arzulayıram”.
Xatırladaq ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.
Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.
Türkiyənin vitse-prezidenti Fuat Oktay Ankarada jurnalistlərə açıqlamasında deyib ki, bu iki zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb.