Ötən il iki hakim vəzifədən azad olunub, beş hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Senzor.az bildirir ki, bu barədə Məhkəmə Hüquq Şurasının iclasında məlumat verilib.
İclasda 2022-ci ildə Şura tərəfindən 100-dən çox hakimin fəaliyyətinin mövcud Qaydalara uyğun prinsipial qiymətləndirildiyi, 30 nəfər yeni nəsil hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkildiyi, 50 məhkəmə sədri vəzifələri üzrə təyinatlar aparıldığı bildirilib. 4 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq səlahiyyətlərinin vaxtından əvvəl xitam edildiyi, 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verildiyi qeyd olunub.
Bu sahədə məqsədyönlü fəaliyyətin nəticəsidir ki, yuxarı instansiya məhkəmələrinin tərkibinin əksəriyyəti, habelə bütün kollegiya və apellyasiya məhkəmələrinin sədrləri təzələnib, fəaliyyətində dönüş yarada bilməyən bir sıra hakimlər bu məhkəmələrdən kənarlaşdırılıb.
Eyni zamanda Fərmanla ayrılmış əlavə 200 yeni hakim ştatının komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilərək, hakimlərin seçim proseduru təkmilləşdirilməklə fasiləsiz aparılan şəffaf seçim nəticəsində 123 nəfər, o cümlədən Şuranın ötən il verdiyi təqdimatlar əsasında 79 nəfər hakimliyə namizəd müxtəlif hakim vəzifələrinə təyin olunublar. 270 nəfər namizəd isə hazırda müsabiqənin müxtəlif mərhələsindədirlər.
Yeni təyin edilən hakimlərin əksəriyyətini 35 yaşadək olan hüquqşünaslar, 50%-ə qədərini isə qadınlar təşkil edir. Bu da ölkəmizdə gender prinsiplərinin qorunmasına, qadınların ictimai həyatda fəal iştirakına dəlalət edir.
Bütün hakim korpusunun 80%-dən çoxunu məhz bu mütərəqqi üsullarla seçilərək təyin olunmuş hakimlər təşkil edir.
Həmçinin, hakimlərin məsuliyyət hissinin artırılmasının daim diqqətdə saxlanıldığı, bu sahədə qəti tədbirlərin görüldüyü, o cümlədən ötən il korrupsiyaya şərait yaradan hallara və digər pozuntulara görə 1 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi, 2 nəfərin tutduğu vəzifədən azad olunduğu bildirilib.