ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, Rusiya iqtidarının yüzminlərlə əsgəri səfərbər etmək, o cümlədən onlara hazırlıq keçmək, hərbçiləri texnika ilə təmin etmək imkanı yoxdur. Qeyd olunub ki, o, ehtimal edilən növbəti səfərlik nəticəsində hakimiyyətinin sabitliyini itirəcəyindən narahatdır.
Məlumata görə, ehtimal edilən səfərbərlik üçün lazımi texniki imkan yoxdur. Həmçinin qeyd olunub ki, Rusiya Ukraynada döyüş tanklarının yarısını itirib.
Britaniya kəşfiyyatı və ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu daha əvvəl bildirmişdi ki, Rusiyada səfərbərliyin növbəti dalğası gözlənilir. Əslində bu, utopiya deyil. Məsələ ondadır ki, Rusiyanın imkanları getdikcə tükənir. Həmçinin ordu daxilində xaos var. Bir sıra məsələlərdə nizami ordu ilə “Vaqner” muzdlu hərbi təşkilatının mövqeləri üst-üstə düşmür. Təsadüfi deyil ki, müxtəlif hərbi dairələrə tez-tez yeni komandan təyin olunur.
Ümumiyyətlə, Kreml daxilində Rusiya Silahlı Qüvvələrinə etibar tədricən azalır. Bunun əsas səbəbi isə ordunun uğursuzluqlarıdır. Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovun döyüş əməliyyatlarına şəxsən rəhbərlik etməsi məhz orduya inamın azalmasının təzahürüdür. Yəni ölkədə səfərbərliyin ikinci dalğasının elan olunması mümkündür.
Lakin səfərbərliyin ikinci dalğası barədə qərarın qəbulu Rusiya hakimiyyəti üçün risklidir. Çünki bu, daxildəki narazılığı artıracaq. Odur ki, Putin indi iki seçim arasında qalıb. O ya daxili sabitliyə, ya da döyüş meydanındakı ambisiyalarına üstünlük verməlidir.
Həmçinin nəzərə almaq lazımdır ki, Rusiya ordusunun texnikası da getdikcə tükənir. Ukraynadan fərqli olaraq Rusiyaya dəstək verilmir. Bu isə o deməkdir ki, ehtimal edilən səfərbərlik zamanı hərbçiləri silah və texnika ilə təmin etmək çətin olacaq.
Döyüşlər davam etdikcə Rusiya daxilində narazılıq artacaq. Gələcəkdə hakimiyyət əleyhinə çıxışların olması da mümkündür. Çünki iqtidar səfərbərlik adı ilə xalqı ölümə aparır. Üstəgəl, Qürbin rəsmi Moskvaya tətbiq etdiyi sanksiyalar daxili sosial durumu daha da ağırlaşdırır.
Beləliklə, Putin “iki daş arasında qalıb”. O bacardığı qədər hazırkı durumu uzatmağa çalışacaq. Lakin vaxt Kremlin əleyhinə işləyir. Proses belə davam edərsə, Putin riskə gedərək həlledici qərarı verməli olacaq.
Kənan Novruzov,
siyasi ekspert