Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısının bəyanatında belə deyilir.
"Mən sizinləyəm, çünki siz azad Gürcüstanı, gələcəyini Avropada görən və bu gələcəyin əlindən alınması hüququnu heç kimə verməyəcək Gürcüstanı təmsil edirsiniz. Bu gələcək bizim gələcək nəsillərə məxsusdur. Bu, əvvəlki nəsillər tərəfindən hazırlanmış və bizim hazırladığımız gələcəkdir. Ona görə də heç kimin sizin gələcəyinizi sizdən almağa haqqı yoxdur”, - Zurabişvili Nyu-Yorkdan yayımladığı videomüraciətdə bildirib.
Onun sözlərinə görə, qanun layihəsi Venesiya Komissiyasına göndərilməməli, ləğv edilməlidir: "İlk günlərdən demişdim ki, veto qoyacağam və bunu edəcəyəm”.
Xatırladaq ki, dünən - martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.
Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən polislə toqquşma olub.
Senzor.az