ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, İranda davam edən kütləvi zəhərlənmələr fonunda həbslərin sayı arta bilər.
Qeyd olunub ki, İran rejimi Novruz bayramı ərəfəsində ölkənin təhlükəsizliyini artırmaq üçün son kimyəvi hücumlardan istifadə edir: “Davam edən etirazlar rejimin təhlükəsizliyi üçün böyük problemlər yarada bilər. Eyni zamanda rejim məlum etirazçıları və aksiya təşkilatçılarını həbs etmək üçün təhlükəsizlik tədbirlərini artıra bilər”.
ABŞ İnstitutunun qənaətinə görə, yaxın günlərdə və həftələrdə ölkənin təhlükəsizlik tədbirləri gücləndiriləcək: “Bunun üçün zəhərlənmələrdən istifadə olunacaq. İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Təsnim” xəbər agentliyi iddia edir ki, ölkədəki zəhərlənmə iğtişaşları qızışdırmaq məqsədi daşıyır. Həmçinin zəhərlənmə kampaniyasının etiraz qruplarını sıxışdırmaq üçün bəhanə kimi istifadə olunacağı da gözlənilir”.
Məlum olduğu kimi, İranda tələbə qızların kütləvi zəhərlənməsi fevralın 15-dən başlayıb. Beləliklə, ötən ilin sentyabrın bəri davam edən aksiyalarda ikinci mərhələ başlayıb. Kütləvi aksiyalar isə ötən ilin sentyabrından bəri davam edir.
Əvvəllər də dediyimiz kimi, İrandakı aksiyalarda Qərbin “əlinin olması” istisna deyil. Hər halda ABŞ və müttəfiqləri mövcud rejimi dəyişməkdə maraqlıdırlar. Qərbin dəstəyi olmasaydı, etirazlar bu qədər uzun çəkməz, mütəşəkkil olmazdı.
ABŞ Müharibə Araşdırmaları İnstitutunun yaydığı məlumat həm də informasiya savaşının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Belə ki, Qərb mediası zəhərlənmələrin birbaşa hakimiyyət tərəfindən idarə olunmasına dair rəy yaratmağa çalışır. Əlbəttə, bu versiya tamamilə mümkündür. İllər boyu öz xalqına zülm verən molla rejiminin bu addımı atması heç də təəccüblü deyil. Amma əgər iqtidar məqsədyönlü şəkildə xalqını zəhərləyirsə və bunun nəticələrini gözə alırsa, deməli, doğrudan da, rejimin durumu ağırdır.
Yəqin ki, yaxın zamanlarda etiraz daha da güclənəcək. Həbslərin artacağı da gözləniləndir.
Bu proseslər isə rejimin dayaqlarını getdikcə zəiflədir. Gələcəkdə etirazların növbəti dalğasının başlanması, o cümlədən iqtisadi böhranla bağlı yeni aksiyaların keçirilməsi mümkündür. Bu isə molla rejiminin devrilməsi ilə nəticələnə bilər.
Kənan Novruzov,
siyasi ekspert