Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub: "Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir. Azərbaycan vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
"Azərbaycan Respublikasının vətəndaşlarına bir daha xatırlatmaq istərdik ki, 2023-cü il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəmizin vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb", - A.Hacızadə vurğulayıb.
**15:23
Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb.
Senzor.az bildirir ki, bu barədə sosial şəbəkə səhifələrində F.Səfərlinin anası Dilarə Əsgərova paylaşım edib.
Fəridin anası qeyd edib ki, oğlu fevralın 20-də iki həftəlik İstanbula getmək adı ilə evdən çıxıb: "İrana səfəri barədə dostlarına əvvəldən məlumat versə də, mənim xəbərim olmayıb. Hər gün telefonla əlaqə saxlasaq da, həmin müddətdə İranda olduğunu bilməmişəm. Oğlumun təhsil aldığı Jena şəhərində yerləşən universitetdə iranlı həkim xanım təcrübə keçib və sonra ölkəsinə qayıdıb. İstanbulda da guya həmin xanımla görüşməli imiş. Oğlum İstanbula gedib, amma qız gəlməyib. O da ayın 20-si qızın dalınca İrana gedib".
"Martın 3-ü və ya 4-də dostlarına zəng edib ki, “kartım burda işləmədiyindən mənə geri-dönüş bileti alın”. Onlar da 5-dən 6-na keçən gecə üçün Tehran- Berlin-İstanbul bileti alıb. Lakin oğlum İrandan çıxmayıb. Martın 3-ü axşamdan telefonu sönüb. Heç bir sosial şəbəkədə yoxdur" - D.Əskərova əlavə edib.
Hadisə ilə əlaqəli rəsmi olaraq Azərbaycanın Almaniyadakı Səfirliyinə və ölkəmizin Xarici İşlər Nazirliyinə müraciət etdiyini deyən Dilarə Əskərova vurğulayıb ki, oğlu barədə hələ heç bir xəbər yoxdur:
D.Əskərova "Fərid Səfərlinin itkin düşməsi Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla əlaqəli ola bilərmi?" sualına isə belə cavab verib: "Bu da bir ehtimal ola bilər. Amma ümumilikdə Fərid siyasət adamı deyil, İran əleyhinə heç bir paylaşımları da olmayıb”.
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) isə bildirilib ki, məsələ ilə əlaqədar araşdırma aparılır, məlumat veriləcək.