Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri ətrafında həlak olan azərbaycanlı hərbçi İlkin Hacızadənin nəşinin Azərbaycana göndərilməsi qərara alınıb.
Ukraynanın Vinnitsa vilayəti Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərov “Report”a bildirib ki, azərbaycanlı hərbçinin nəşi bu gün Moldova vasitəsilə ilə Azərbaycanın Ucar rayonuna göndərilir.
Hərbçinin nəşinin göndərilməsini Moldovadan Əliş Səfərov və Vinnitsanın azərbaycanlı deputatı Teymur Abuşov təşkil edib.
Əliş Səfərov bildirib ki, azərbaycanlı hərbçi Ucarda dəfn olunacaq.
Qeyd edək ki, Ukraynanın Azərbaycan əsilli hərbçisinin atası Hacı Hacızadə Birinci Qarabağ müharibəsində döyüşərək şəhid olub. İlkin Hacızadə isə uzun müddətdir Ukraynanın Vinnitsa vilayətində yaşayıb və Ukraynada müharibənin ilk günündən döyüşlərə qatılıb.