"Azərbaycanla düşmən dili ilə danışmaq olmaz. Erməni katolikosu din ilə siyasətin yerini səhv salıb".
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
“Hesab edirəm ki, erməni katolikosunun açıqlamaları din adamlarına uyğun olmayan açıqlamadır. Din adamları müharibə üçün yox, sülh üçün çalışmalıdır. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir və din adamlarının siyasətə qarışması doğru deyil. Biz erməni kilsəsini dostluğa çağırırıq”, - deyə QMİ sədri bildirib.
Allahşükür Paşazadə xatırladıb ki, Ramazan ayı mərhəmət ayıdır: "Bu günlərdə biz hər birimiz şəhidlərimizi yad etməli, onları unutmamalıyıq. Bir daha Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edirəm. Sərhəddə duran bütün əsgərlərimizi Allah qorusun. Allah bir daha bizə müharibə göstərməsin”.
Qardaş Türkiyədə dəhşətli zəlzələdə 55 min insanın həyatını itirdiyini vurğulayan QMİ sədri bunun bir imtahan olduğunu söyləyib: "Hesab edirəm ki, türk xalqları dar gündə bir-birinin yanında olmalıdır”.