Dövlət Gömrük Komitəsi Laçın yolundakı sərhəd-keçid məntəqəsində fəaliyyətə başladı. Bu, bir müddətdir nəzarət-buraxılış məntəqəsinin ləğv ediləcəyi və ya Rusiya sülhməramlılarının nəzarətinə keçəcəyi iddialarının əsassız olduğunu sübut etdi.
Nəzarət-buraxılış məntəqəsinin və pasport yoxlanışı köşkünün quraşdırılması rəsmi Bakının əlini gücləndirəcək:
Birincisi, hazırda Qarabağda yaşayan ermənilər ya qondarma qurumun, ya da Ermənistanın pasportunu daşıyırlar. Ermənistan pasportu daşıyan şəxslər digər xarici ölkə vətəndaşları kimi müvafiq prosedur qaydalarından keçsə də, qondarma qurumun pasportunu daşıyan şəxslərdən ölkəyə buraxılmaları üçün mütləq şəkildə Azərbaycan Respublikasının pasportu tələb ediləcək.
İkincisi, ermənilər uzun müddətdir iddia edirlər ki, guya Qarabağda 120 min erməni yaşayır. Erməni pasportu daşıyan şəxslər birmənalı şəkildə Ermənistan vətəndaşlarıdır. Pasport yoxlanışı köşkünün quraşdırılması həm də bu məsələdə dəqiq say əldə etməyimizə səbəb olacaq.
Üçüncüsü, Azərbaycan humanitar yüklərin Qarabağa daşınmasına hələlik heç bir maneə yaratmır. Lakin bu proses əbədi belə davam edə bilməz. Ermənistandan gələn yüklərə mütləq rüsum qoyulmalıdır.
Dördüncüsü, nəzarət-buraxılış məntəqəsinin və pasport yoxlanışı köşkünün quraşdırılması növbəti mərhələdə Laçın dəhlizinin statusunun ləğv edilməsinə gətirib çıxacaq.
Turan Rzayev,
politoloq